Saxta bank mesajlarını necə tanımaq olar?
Bankların adından göndərilən saxta SMS-lər kiberdələduzların insanların kart və hesab məlumatlarını ələ keçirmək üçün istifadə etdiyi üsullardır. Belə mesajlar ilk baxışdan bankın göndərdiyi rəsmi bildirişə bənzəyə bilər. Mətnin içində hesabın bloklandığı, kartla şübhəli əməliyyat aparıldığı və ya bank xidmətinə girişin məhdudlaşdırıldığı kimi ifadələr yazılır. Məqsəd istifadəçini narahat edərək düşünmədən hərəkət etməyə sövq etməkdir.
Bəs saxta bank mesajlarını necə tanımaq olur? Şüphəli mesaj və linklərdən necə qorunmalıyıq. Menbe.az saytında saxta bank mesajlarını tanımağın yolları, şübhəli linklərin əlamətləri şəxsi və bank məlumatlarını dələduzlardan qorumaq üçün diqqət edilməli məqamlarla tanış olacaqsınız.
Saxta bank SMS-lərində hansı detallar olur?
Şübhəli mesajlarda adətən insanı təşvişə salan ifadələrdən istifadə edilir. Məsələn, "hesabınız bloklanacaq", "kartınızdan şübhəli əməliyyat aparılıb", "məlumatlarınızı təsdiqləyin" və ya "hesabınıza giriş məhdudlaşdırılıb" kimi cümlələr istifadəçini mesajdakı göstərişi əməl etməyə yönəldir.
Mesajda kart nömrəsi, PIN-kod, internet bankçılıq şifrəsi, CVV/CVC və ya SMS-lə gələn birdəfəlik təsdiqləmə kodunun təqdim edilməsi tələb olunursa, buna ciddi şübhə ilə yanaşmaq lazımdır. Bank təhlükəsizliyi ilə bağlı məlumatlarda belə məxfi məlumatların başqa şəxslərlə paylaşılmaması vurğulanır.
Mesajdakı linkə diqqət edin
Saxta bank mesajlarının əsas əlamətlərindən biri SMS-ə əlavə edilən şübhəli keçiddir. Dələduzlar istifadəçini bankın rəsmi saytına çox bənzəyən saxta səhifəyə yönləndirə bilirlər. Burada kart məlumatlarının, giriş şifrəsinin və başqa şəxsi məlumatların daxil edilməsi tələb olunur.
Linkdə bankın adı yazılsa belə, domen ünvanını diqqətlə yoxlamaq lazımdır. Artıq hərf və rəqəmlər, qəribə sözlər, bankın rəsmi ünvanından fərqlənən domen və anlaşılmaz keçidlər təhlükə əlaməti ola bilər. Ən təhlükəsiz seçim SMS-dəki linkdən istifadə etmədən bankın rəsmi tətbiqini açmaq və ya internet ünvanını özünüz daxil etməkdir.
Yazı səhvləri mesajı ələ verə bilər
Bəzi saxta SMS-lərdə sözlərin yanlış yazılması, cümlələrin bir-biri ilə uyğunlaşmaması və qeyri-təbii ifadələr diqqət çəkir. Dələduzlar rəsmi bildirişi təqlid etməyə çalışsalar da, mesajın dili bəzən bunu ələ verir. Elektron Təhlükəsizlik Xidməti də saxta mesajlarda məzmunun düzgün qurulmaması və sözlər arasında məntiqi əlaqənin zəif olmasının müşahidə edilə bildiyini bildirir.
Ancaq mesajda heç bir yazı səhvinin olmaması onun təhlükəsiz olduğunu göstərmir. Səliqəli və inandırıcı hazırlanmış saxta SMS-lər də mövcuddur. Buna görə qərar verərkən mesajın dili ilə yanaşı, göndərənin nə tələb etdiyinə və təqdim olunan keçidin ünvanına da baxmaq lazımdır.
Şəxsi və bank məlumatlarının istənilməsi ciddi xəbərdarlıqdır
SMS vasitəsilə kart məlumatlarını, şifrəni və ya təsdiqləmə kodunu paylaşmaq olmaz. Bu məlumatlar ələ keçirildikdə dələduzlar kartdan ödəniş etməyə və ya bank hesabına giriş əldə etməyə cəhd göstərə bilərlər.
Xüsusilə birdəfəlik təsdiqləmə kodlarına diqqət yetirilməlidir. Telefona gələn kodu qarşı tərəfə demək və ya şübhəli saytda daxil etmək aparılan əməliyyatın təsdiqlənməsinə səbəb olur.
Saxta bank mesajından necə qorunmaq olar?
Naməlum və şübhəli SMS-lərdəki keçidlərə daxil olmamaq əsas təhlükəsizlik addımlarından biridir. Bank hesabına giriş üçün rəsmi mobil tətbiqdən və ya bankın rəsmi internet səhifəsindən istifadə edilməlidir.
Kart nömrəsi, PIN-kod, CVV/CVC, bank tətbiqinin şifrəsi və SMS təsdiqləmə kodu heç kimlə paylaşılmamalıdır. Telefon və bank tətbiqlərinin təhlükəsizlik yeniləmələrinin quraşdırılması, hesabda əlavə təsdiqləmə imkanlarının aktivləşdirilməsi də hesabın qorunmasına kömək edir.
Şübhəli SMS aldıqda nə etmək lazımdır?
Mesajı göndərən şəxslə əlaqə yaratmaq, linki açmaq və ya tələb olunan məlumatları təqdim etmək əvəzinə, bildirişin həqiqiliyini bankın rəsmi kanalları vasitəsilə yoxlayın. Əgər artıq şübhəli səhifədə kart və ya hesab məlumatları daxil edilibsə, bankla birbaşa əlaqə saxlayaraq hesabın təhlükəsizliyi üçün müvafiq tədbirlər görülməlidir.
Saxta bank SMS-lərini tanımağın əsas yolu mesajın yaratdığı görüntüyə deyil, sizdən nə istədiyinə baxmaqdır. Şübhəli link, məxfi məlumat tələbi və qorxu yaradan ifadələr gördükdə heç bir əməliyyat aparmadan məlumatı bankın rəsmi kanallarından yoxlamaq daha etibarlıdır.
MENBE.AZ

Bakıda ən yaxşı pediatr kimdir?
Bəzi canlıların qanı mavi rəngdədir
Bakıda ən yaxşı stomatoloqlar kimlərdir?
Yuxuda ilan sancmasının mənası nədir?
Yuxuda maşın almaq nə deməkdir?
Yuxuda ev aldığını görmək nə deməkdir?
İlk Avropa səyahəti üçün hansı şəhərlər daha uyğundur?
Ölülərlə niyə şəkil çəkdirirdillər?
Yuxuda sevgilini görmək nə deməkdir?
Amerikanı ilk onlar KƏŞF EDİB